Almaniyanın idman geyimləri şirkəti, məşhur “adidas” bundestimin sabiq yarımmüdafiəçisi Toni Kroosun şərəfinə bir addım atıb.
Arena.az məlumat verir ki, “adidas” öz istehsalı “11pro” butslarını, onları artıq uzun illər geyinmiş Toni Kroosun şərəfinə “TKpro” adlandırmağa qərar verib:
“Toni Kroos və 11pro: ilk baxışdan məhəbbət, son zərbəyə qədər həmfikirlər. Bu gün biz “adidas 11pro”nun “adidas TKpro” kimi rebrendinq ediləcəyini elan etməkdən məmnunuq. Təşəkkür edirik, Toni”, – “adidas” şirkəti özünün “X” sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.
Xatırladaq ki, AÇ-2024-ün 1/4 final mərhələsinin İspaniya yığmasına qarşı oyunu (1:2, əsas vaxt 1:1) bundestimin mərkəz yarımmüdafiəçisi Toni Kroosun futbolçu karyerasında son oyun olub. Daha əvvəl, Kross “Real”ın heyətində çxışını başa vurmuş, ötən mövsüm Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə final oyunundan (2:0) sonra klub futbolunu zəfərlə tərk etmişdi. Böyük futbolu isə Kroos, göründüyü kimi acı xatirə ilə tərk edib – Almaniya yığması məğlub olaraq, ev sahibliyi etdiyi AÇ-2024-lə vidalaşıb.


