Fransa yığmasının sabiq futbolçusu Frank Leböf hesab edir ki, “xoruzlar”ın ulduz hücumçusu Kilian Mbappe başlanğıc heyətdən alınmalıdır.
Arena.az “Get French Football News” dərgisinə istinadən, Leböfün bu barədə fikirlərini təqdim edir:
“Düşünürəm ki, bizim Kilianla əsl dərdimiz var. Əgər zədəlisənsə və yüz faiz oynaya bilmirsənsə, heç oynamamaq daha yaxşıdır. Fikrimcə, əgər futbolçu bacarıqlarının yalnız 50%-ni verə bilirsə, deməli, komandaya pis xidmət göstərir. Mbappe heç əməlli-başlı* qaça bilmir. O, daim maskasını düzəldir”, deyə Leböf narazılıqla bildirib.
*Qeyd:
Leböfün Mbappenin necə qaçması haqda gerçəkdə səsləndirdiyi ifadənin mətbuat səhifələrində işıqlandırılmasının ayıb olduğunu nəzərə alaraq, bunu anlamağı oxucuların öz ixtiyarına ipucu verərək buraxırıq. Leböfə görə, Mbappa heç “arxalı-başlı” qaça bilmir.
Xatırladaq ki, Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı. Sonra təcili tibbi yardım almış Mbappe indi meydana qoruyucu maska ilə çıxaraq oynayır və məhz bu səbəbdən tam gücü ilə oynamadığı iddia edilir.


