Fransa yığmasının və “Real”ın ulduz hücumçusu Kilian Mbappenin “xoruzlar”ın heyətindəki “imtiyazları” üzə çıxıb.
Arena.az bu barədə jurnalist Romen Molinaya istinadən məlumat verir.
“Xoruzlar”ın kapitanı məşqlərə gecikməyə, həmçinin çalışmalarını “arxasını tərlətmədən” yerinə yetirməyi özünə rəva göür.
Mənbə onu da vurğulayır ki, Madrid “Atletiko”sunun fransalı hücumçusu Antuan Qrizmann Fransa yığmasının uğursuz nəticələrini görmək istəyir ki, daha sonra komandaya qayıda bilsin. Baxmayaraq ki, o, bir müddət öncə milli karyerasını başa vurduğunu açıqlayıb.
Vurğulayaq ki, Mbappenin özünü “çox göydən aparması” son vaxtlar ulduz futbolçunun ünvanına tənqidlərlə müşayiət edilir.
Xatırladaq ki, oktyabrın 10-da Fransa yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində İsrail yığmasının qonağı olacaq. Oktyabrın 14-də isə Deşamın “xoruzlar”ı Belçika yığmasına “qonaq” gedəcəklər.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


