“Real” “qaymaqlılar”ın braziliyalı mərkəz müdafiəçisi Eder Militaonun zədəsi ilə bağlı rəsmi bəyanat yayıb.
Arena.az “Real”ın rəsmi saytına istinadən, müvafiq bəyanatı təqdim edir:
“Eder Militao üzərində aparılmış tibbi müayinələrdən sonra, ona sol ayağının dörbaşlı əzələsinin zədəsi diaqnozu qoyulub. Biz hadisələrin inkişafını gözləyirik”, – “qaymaqlılar”ın bəyanatında deyilir.
Bundan əvvəl mətbuatda, Militaonun Braziliya millisinin heyətində Çili (11 Oktyabr) və Peru (16 Oktyabr) yığmalarına qarşı 2026-cı il dünya çempionatının seçmə oyunlarını buraxacağı ilə bağlı məlumat yayılmışdı.
Eder Militao “San Paulo”nun yetirməsidir. Braziliyalı futbolçu “Real”a 2019-cu ilin iyulunda 50 milyon avro məbləğ müqabilində “Portu”dan keçib. Militaonun İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Vurğulayaq ki, “Real” Militao ilə müqaviləsinin müddətini 2024-cü ilin yanvarında, futbolçu zədəli ikən uzadıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Militao “qaymaqlılar”ın heyətində bütün yarışlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 13 oyun keçirib.
Cari mövsümdə isə Militao “Real” üçün 12 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Militaonun “Real”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 167 oyun, 12 qol, 6 məhsuldar ötürmə. Vurğulayaq ki, Militao “qaymaqlılar”ın müdafiəsində aparıcı fiqurdur.
Eder Militao “Kral klubu” ilə 3 dəfə İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Eder Militao 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 35 oyun keçirib, 2 qol vurub. Müdafiəçi Brazilya millisi ilə Amerika Kubokunu (2019) qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


