Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) hüquqlarından sui-istifadəyə görə məhkəmə qarşısında cavab verəcək.
Arena.az ESPN şəbəkəsinə istiadən məlumat verir ki, Avropa futbol klublarının rəhbərləri və FIFPRO (Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası) FIFA rəhbərliyinə qarşı inhisar əleyhinə quruma şikayət etmək üçün Bazar ertəsi bir araya gəliblər.
Mənbənin məlumatına görə, FIFPRO və Avropanın 37 liqası birlikdə Brüsseldə Avropa Komissiyasına şikayət ərizəsi ilə müraciət ediblər. Şikayətçilər iddia ediblər ki, dünya futbolunun rəhbər təşkiları FIFA yarışların təşkilatçısı kimi səlahiyyətlərindən sui-istifadə edir və futbolçuların rifahı ilə maraqlanmır. Açılacaq məhkəmə işi əmək qanunvericiliyi və oyunçuların məzuniyyət hüquqları ilə bağlıdır. Şikayətçilərin məqsədlərindən biri, oyunçuları bərpa etmək üçün mütləq istirahət müddəti – ildə üç-dörd həftə müəyyən etməkdir.
Vurğulayaq ki, gərgin futbol təqviminin mövzusu son aylar çox fəal idi. Keçən ay “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri, oyunçuların bu məsələ ilə əlaqədar tətil etməyə yaxın olduqlarını da dilə gətrmişdi. Özü də zədəli olan Rodrinin bu çağırışı məşqçilər və futbolçular arasında böyük dəstək qazanmışdı.


