“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Bayern”lə oyununu şərh edib.
Arena.az xatırladır ki, “Barselona” Almaniya nəhəngini evdə 4:1 hesabı ilə məğlub edib, polyak futbolçu isə keçmiş komandasının qapısına qol vurub.
“Bu, müəyyən mənada xüsusi bir qələbədir, mən isə bunun belə də olduğunu gizlətməyəcəyəm. Mən bu oyuna iki il əvvəlkindən bir qədər fərqli yanaşdım, çünki indi “Barselona”da daha çox vaxt keçirmişəm. Bu gün yaxşı oyun göstərib qalib gələcəyimizə də əmin idim. Oyundan əvvəl isə 3:1 hesabı ilə qalib gələcəyimizi təxmin edirdim.
Mən fiziki olaraq heç bir dəyişiklik hiss etmirəm və bu, ən vacib xüsusdur. Gənc oyunçulara baxanda, onlar mənə əlavə güc-qüvvə verirlər, bunu gizlətmirəm. Özümü yaxşı hiss edirəm. Bir oyunda iki və ya üç qol vurmağımın sonda heç bir əhəmiyyəti yoxdur. Ən əsası odur ki, qollarım komandaya qələbələr gətirsinlər, mənim üstünlük verdiyim məqam da məhz budur”, – “Barça Universal” dərgisi Levandovskidən sitat gətirir.
3 turdan sonra 6 xal toplamış “Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 13-cü pillədə qərarlaşıb. “Bayern” isə 3 xalla 24-cü yerdədir.
Xatırladaq ki, Levandovski vaxtilə “Bayern”də çıxış edib və Almaniya nəhənginin vuran ayağı olub. 2014-2022-ci illərdə Levandovski “Bayern” üçün 375 oyun keçirib, 344 qol vurub, 73 məhsuldar ötürmə verib. O, “Bayern”lə 10 dəfə Almaniya Bundesliqasının, 4 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində məhz “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 13 oyuna çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 108 oyun, 74 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


