Kristiano Ronaldo 2023-cü il üçün şəxsi nəticələrinə yekun vurdu

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo 2023-cü ildəki çıxışını dəyərləndirərək, ilin şəxsi yekunlarından danışıb.

Arena.az “Record” nəşrinə istinadən ulduz futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən əla mövsüm keçirməyimə köklənməyimdə mühüm rol oynamış Luis Kastronun rəhbərliyi altında məşqçilər qərargahı ilə “Əl-Nəsr”də diqqətimi cəmlədim və əntiqə bir mövsümöncəsi keçirdim.

Bilirəm ki, hələ verəcəyim çox şey var. Bilirəm ki, “Əl-Nəsr” və milli komanda üçün çoxlu qollar vura bilərəm. Şəxsi müstəvidə bu, çox gözəl il idi”, deyə portuqal ulduz ötən ilin özü üçün yekunlarından razılıqla danışıb.

Xatırladaq ki, Ronaldo nüfuzlu “Globe Soccer Awards” ənənəvi mərasimində 2023-cü ilin yekunlarına əsasən namizədliyinin təqdim edildiyi üç mükafatın hər üçünə layiq görülüb:

  • 2023-cü ildə Yaxın Şərqin ən yaxşı oyunçusu;
  • 2023-cü ilin ən sərrast futbolçusu kimi “Maradona mükafatı”nın sahibi;
  • Azarkeşlərə görə 2023-cü ilin ən yaxşı oyunçusu.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir. Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.

Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: