Premyer Liqa oyunlarında Bobbi Çarltonun xatirəsi anılacaq

İngiltərə Premyer Liqasının 10-cu turunun bütün oyunlarında əfsanəvi futbolçu Bobbi Çarltonun xatirəsinə bir dəqiqəlik alqış həsr ediləcək.

Arena.az bu barədə İngiltərə Premyer Liqanın rəsmi saytına istinadən məlumat verir.

İngiltərə çempionatının növbəti turunun hər oyunu başlamazdan əvvəl, alqış dəqiqəsi icra ediləcək. Bundan əlavə, futbolçular və rəsmi şəxslər matəm əlaməti olaraq qollarına qara sarğı taxacaqlar.

Xatırladaq ki, oktyabrın 21-də “Mançester Yunayted”in və İngiltərə yığmasının əfsanəvi futbolçusu Ser Robert “Bobbi” Çarlton 87 yaşında dünyasını dəyişib.

Çarltona 2020-ci ildə demansiya diaqnozu qoyulmuşdu və əfsabəvi futbolçu uzun müddət bu fəsaddan əziyyət çəkirdi.

Demansiya beyinin zədələnməsi ilə bağlı olan, psixi funksiyaların pozulmasına, yaddaş itkisinə, əvvəllər əldə edilmiş biliklərin və təcrübi bacarıqların itirilməsinə səbəb olan xəstəlikdir. Xəstənin gündəlik fəaliyyəti pozulur və ona daimi qulluq tələb olunur.

Ser Bobbi Çarlton İngiltərə tarixinin ən yaxşı futbolçularından biri hesab edilir. Çarlton İngiltərə yığması ilə 1966-cı il dünya çempionatının, 1968-ci ildə “Mançester Yunayted”lə Çempionlar Kubokunun qalibi olub. Həmçinin əfsanəvi ingilis futbolçu 1966-cı il mövsümü “Qızıl top” mükafatının qalibidir. Çarlton 1958-ci ildə “Mançester Yunayted” futbolçularının və məşqçi heyətinin ölümü ilə nəticələnmiş Münhen aviaqəzasından sağ çıxanlardan biri idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: