“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsiində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Vacib qələbə oldu. Narahatlıq var idi. İstər-istəməz futbolçuların düşüncəsində oyunu bitirib, evə getmək vardı. Qələbə qazanmaq üçün əziyyət çəkdik. Asan olmadı. Futbolçularımı təbrik edirəm. Möhtəşəm dövrə keçirdilər. Çox çalışdılar, əziyyət çəkdilər. Bu dövrdə özlərini peşəkar kimi apardılar. Onlara təşəkkür edirəm. Rəşad Sadıqova və komandasına uğurlar arzu edirəm.
Hər dəfə olduğu kimi, qarşıdakı ildə də bütün futbolçularıma və komandama sağlamlıq arzulayıram. Sağlamlıq olmasa, uğur əldə etmək olmur. Sağlam halda istək və arzu da çox olur. Hədəf olaraq hər zaman istəmişəm ki, sabit olaq. Nəsə alınmaya bilər, amma səviyyəmizdən daha aşağı düşməyək.
Qış fasiləsindən sonra mübarizəyə Azərbaycan Kubokunun “Keşlə”yə qarşı 1/4 final oyunu ilə başlayacağıq. Yenə sıx qrafikdə olacağıq. Hazırda futbolçuların daha çox istirahətə ehtiyacı var, nəinki ritmi qorumağa. Onlar son matçlarda çox yorulurlar.
Qurban Qurbanov transfer planları ilə də bağlı fikirlərini bölüşüb. O, yarımmüdafiəçi və hücumameyilli yarımmüdafiəçi almaq istədiklərini bəyan edib: “Digər mövqeyi isə deyə bilmərəm. Sıx qrafikdə olacağıq. Hər bir futbolçuya şans verirəm və verəcəyəm. Oyunçularımızın sayının çox olmasını istəyirik. Rəqabət artmalıdır. Rəqabət artsa, inkişaf da olacaq”.
“Baş verən olaylar bizi daha da böyüdür”
“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Olimpik” (Marsel) komandası ilə mübarizə aparacaq. Qurbanov gələn ilin fevralında baş tutacaq bu komanda ilə oyunlarda mümkün təxribatların minimuma endirilməsi üçün tədbirlər görüləcəyinə ümid etdiyini söyləyib: “Həmin matçlarda yaxşı oyun göstərmək istəyirik. Hələ vaxt var. Rəqibi ətraflı təhlil etməyə başlamamışıq. Bundan sonrakı oyunlarda araşdıracağıq. Son oyunlarda bizə qarşı müəyyən haqsızlıqlar oldu. Rəhbərlik UEFA ilə görüşə gedib və narazılığını bildirib. Yenə də, şükürlər olsun ki, biz ardıcıl 8 ildir avrokuboklarda oynayırıq. Görünən odur ki, “Olimpik”lə oyunda UEFA-ya müraciət olunacaq. Ki, hər şey daha düzgün olsun. Bizə qarşı olanlar bizi daha da böyüdür. Kiprdə də təxribat olmuşdu və rəhbərlik bunu UEFA-ya bildirmişdi. Növbəti Kipr səfərində artıq təxribat demək olar ki, olmadı”.