Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi bəlli olub.
Arena.az xəbər verir ki, sözügedən komanda Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşacaq.
Bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, görüş iyulun 9-da Kematen stadionunda baş tutacaq. Oyuna yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) start veriləcək.
Xatırladaq ki, “Sabah” Avstriya toplanışına ötən gündən start verib. Murad Musayevin çalışdırdığı kollektiv Tiroldakı hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Digər 2 rəqibin kimliyinə hələ aydınlıq gəlməyib. Avstriya toplanışı iyulun 20-nə qədər davam edəcək.
“Sabah” bu mövsüm tarixində ilk dəfə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Paytaxt klubu bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bakılılar bu mərhələdə “Makedoniya” (Skopye, Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk oyununu səfərdə keçirəcək.
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq.