“Atletik”in müdafiəçisi Aytor Paredes Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər.
Aytor Paredes bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib.
“Stress yoxdur. Bu, həyati əhəmiyyətli oyundur. Çünki hazırda xalımız yoxdur. Altı oyun qalır, onlardan üçü evdədir və burada güclü olmalıyıq. Qələbəyə ehtiyacımız var, bunun üçün oynayacağıq. Daha çox aqressiya və qətiyyət göstərməli, səhv etməkdən qorxmamalıyıq. Bizim oyun üslubumuz, kimliyimiz aydındır. Öz fəlsəfəmizə və oyun ideyamıza sadiq qalsaq, hər şey yaxşı alınacaq”.
25 yaşlı ispan futbolçu Azərbaycan çempionu barədə fikirlərini də bölüşüb:
“Qarabağ”ın 6 xalının olması sürpriz deyil. Biz də belə bir vəziyyətdə olmaq istərdik. Onlar Bilbaoya gəzintiyə gəlməyiblər və oyun maraqlı keçəcək. “Qarabağ” çətin vəziyyətlərdə də mübarizə aparmağı bacarır, sona qədər döyüşür. Rəqib kifayət qədər keyfiyyətə malikdir. Biz onlara hörmətlə yanaşırıq, çünki nəyə qadir olduqlarını artıq göstəriblər. “Qarabağ” daha çox hücum yönümlü komandadır. Oyun bizim xeyrimizə getsə, bəlkə də digər rəqiblərə nisbətən onlara qarşı daha çox fürsət yarada bilərik. “Qarabağ” Çempionlar Liqasında iki qələbə qazanıb, biz isə hələ qalib gəlməmişik. Özümüzü əsla favorit saymırıq. Rəqibə böyük hörmətlə yanaşırıq. Onlara iki ya da üç qol vurmaq barədə danışmırıq. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.