Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının daha bir oyununu buraxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 12-ci turu çərçivəsində bu gün “Septemvri” (Sofiya) ilə qarşılaşıb.
Doğma meydanda baş tutmuş bu oyun “Arda”nın məğlubiyyəti ilə yekunlaşıb – 0:1. Hüseynov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Arda” 12 turdan sonra 12 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 3 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 62 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.