“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər.
Qurban Qurbanov bu gün İspaniyada təşkil edilmiş mətbuat konfransında fikirlərini bölüşüb:
“Çox yaxşı komandaya qarşı oynayacağıq. “Atletik”in təcrübəli baş məşqçisi var. Rəqib xal fərqini yaxşılaşdırmaq üçün qalib gəlməyə can atacaq. Bizim də təcrübəmiz ildən-ilə artır. Çalışacağıq ki, meydanda möhkəm və yığcam olaq. Bu cür rəqibin tempinə davam gətirməliyik. Ümidvaram ki, azarkeşlər mübarizəmizdən razı qalacaqlar”.
Qurban Qurbanov Marko Yankoviçin sabah oynayacağını istisna etməyib:
“Yankoviç komandayla məşq edir. Bəlkə də idman formasından bir az uzaqdır. Hər bir halda, onun təcrübəsindən istifadə etməyə çalışacağıq. Lakin onun ilk dəqiqlərdən, yoxsa sonradan meydana buraxacağımız barədə qərar verməmişəm”.
Nəriman Axundzadə ilə Kamilo Duranın hər ikisi yaxşı formadadır. Həm məşqlərdə, həm də oyunlarda özlərini yaxşı tərəfdən göstərirlər. Sabaha kimi vaxtımız var. Sabah dəqiq bilinəcək”.
“Bu şansdan maksimum dərəcədə istifadə etməyə çalışacağıq”
Qurban Qurbanov “Qarabağ”ın uğurlar qazandıqca türk dünyasında tərəfdarlarının sayının artmasına dair sualı da cavablandırıb:
“İstər Bakıda, istərsə də xarici ölkələrdə oyunlarımız olanda türkiyəli qardaşlarımızdan həmişə dəstək görürük. Hər birinə təşəkkür edirəm. Bu hissləri bəlkə də sözlə ifadə etmək olmaz. Çox xoş hisslərdir. İnsanların bu inamı məsuliyyətimizi daha da artırır, həvəsimiz çoxalır. Çalışırıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edək.
Futbol elə bir peşədir ki, hər oyunda uğur əldə edə bilməzsən. Çox böyük klublar var ki, Çempionlar Liqasını qazanırlar, amma növbəti il bunu təkrarlaya bilmirlər. Biz kiçik bir futbol ölkəsiyik və bu cür turnirlərdə təcrübə qazanırıq. Hər il belə qalibiyyətlərimiz olub. Amma son iki qələbəmiz inamımızı daha da artırıb. Bu, təkcə bizə yox, Azərbaycan futboluna da böyük inam bəsləməyə rəvac verir. Həmişə çalışmışıq ki, üzərimizə düşən işi məsuliyyətlə yerinə yetirək. Bu, bizim missiyamızdır.
Qarşıda hələ 6 oyunumuz var və bu matçlar 18 xal deməkdir. Bu gün əlimizdə xal qazanmaq üçün imkan varsa, bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Bütün azarkeşlər istəyir ki, öz komandası yuxarı pillələrdə olsun. Bizim üçün bu tip ifadələri eşitmək xoşdur, amma qarşıda daha çətin oyunlarımız var”.