Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov 2-ci Liqa təmsilçisi “Şəmkir”in baş məşqçi postunu tərk edib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İkinci Liqanın 6-cı turu çərçivəsində doğma meydanda “Qaradağ Lökbatan”dan alınmış 0:1 hesablı məğlubiyyətin ardından məşqçi ilə klub rəhbərliyi arasında görüş olub. Yekunda tərəflər qarşılıqlı razılıq əsasında vidalaşmağa qərar veriblər.
Qeyd edək ki, cari mövsümdə keçirdiyi 6 oyuna 9 xal toplamış “Şəmkir” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komanda keçirdiyi 6 oyunda 3 qələbə qazanıb, 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüqar Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin “sükanı arxasında” idi. Komanda onun rəhbərliyi altında 2024/2025-ci illər mövsümünü 5-ci pillədə başa vurmuşdu. Millinin keçmiş forvardı bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, qısa müddət sonra təkrar “Şəmkir”ə qayıtmışdı.