Erlinq Haland məşqlərə başladı

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland zədə səbəbindən buraxdığı bir aydan sonra nəhayət bu gün meydana qayıdıb.

Arena.az bu barədə Mançester klubunun rəsmi saytına istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, norveçli qolçu artıq ümumi dəstə ilə məşqlərə başlayıb. Hücumçu ayağından aldığı yüngül zədə səbəbindən dekabrın əvvəlindən yaşıl meydanlara çıxa bilmirdi.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 22 oyuna 19 qol vurub və 5 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 75 oyun, 71 qol, 14 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahla birgə ən sərrast futbolçusudur – 14 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib. O, bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı futbolçusu olduğu deməkdir.