Deşam Mbappe ilə bağlı vəziyyətə dair fikrini bildirdi

Fransa millisinin baş məşqçisi Didye Deşam “xoruzlar”ın və “Real”ın ulduz hücumçusu Kilian Mbappe ilə bağlı vəziyyətə dair fikrini bildirib.

Arena.az xatırladır ki, Deşam Mbappenin zədəli olduğunu əsas gətirərək, fransalı futbolçunun sağalması üçün onu yığmanın oktyabr toplanışından azad etmişdi.

Kilian isə “Real”ın heyətində La Liqa oyununda çıxış edərək, fransız mütəxəssisin böyük təəccübünə səbəb olmuşdu.

“Klubların maraqları ilə milli komandaların maraqları bir-birindən fərqlidir. Biz onu da unutmamalıyıq ki, futbolçunu işəgötürən – klubdur, federasiya isə futbolçunun işəgötürəni deyil”, – “Marca” nəşri Deşamdan sitat gətirir.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.