Emerik Lyaport niyə Fransa yığmasını yox, İspaniya millisini seçib?

“Əl-Nəsr”in mərkəz müdafiəçisi Emerik Lyaport niyə Fransa yığmasını deyil, İspaniya yığmasını seçdiyini əsaslandırıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Lyaport Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşamla münaqişə yaşadığı səbəbindən İspaniya yığmasının lehinə seçim etdiyini bildirib:

“Mən daha gözləyə bilməzdim. İllər ötür, məşqçi ilə elə, eynisi yaşanırdı. Beynəlxalq səviyyədə oynamaq istəyirdimsə, müvafiq qərarı verməli idim.

Fransa yığması ilə münasibətim qaydasındadır. Amma Didye Deşamla münasibətimiz heç də yaxşı deyildi. Bir neçə dəfə fikir mübadiləsi apardıq… Daha hər şey bitib, mən daha bu barədə heç düşünmürəm. Hər kəs öz yolu ilə gedir”, deyə Laport bildirib.

Emerik Lyaport Fransada anadan olub, amma futbolçunun bask kökləri var.

Emerik Lyaport futbola “Ajen” klubunda qədəm qoyub, buradan “Bayonna”ya keçib. Daha sonra Bilbao “Atletik”inə yol tapmış Lyaportu Didye Deşam Fransa yığmasına çağırıb. Amma artıq məlum olduğu kimi, Lyaporta “xoruzlar”ın heyətində oynamaq müvəffəq olmayıb.

2011/2012-ci illər mövsümünü “Baskoniya”da icarə əsasında keçirmiş Lyaport 2018-2023-cü illərdə tanhüquqlu əsasda “Mançester Siti”də çıxış edib.

2023-cü ilin avqustunda “Əl-Nəsr” 27,50 milyon avro məbləğ müqabilində Emerik Lyaportu “şəhərlilər”in düşərgəsindən “Nəcd cəngavərləri”nin düşərgəsinə qatıb. Lyaportun “Əl-Nəsr”lə müqaviəlsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Lyaport “Əl-Nəsr” üçün 9 oyun keçirib, məhsuldar fəaliyyəti olmayıb. Lyaportun “Əl-Nəsr”in heyətində çıxışının ümumi mənzərəsi isə 48 oyun, 4 qol, 1 məhsuldar ötürmədən ibarətdir.
Emerik Lyaport 2021-ci ilin iyununda debüt etdiyi İspaniya yığmasının heyətində 37 oyun keçirib, 1 qol vurub.

Emerik Lyaportun qənimətlər muzeyində “Atletik”lə İspaniya Super Kuboku, “Mançester Siti” ilə İngiltərə Premyer Liqası çempinluğu (6 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku var. Lyaport həmçinin İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Emerik Lyaportun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.