Fransa yığmasının sabiq yarımmüdafiəçisi Jerom Roten “xoruzlar”ın hücumçusu Antuan Qrizmanın karyerasını bitirməli olduğunu düşünür.
Arena.az Rotenin bu barədə fikirlərini təqdim edir:
“Böyük oyunçular dayanmağı bacarmalıdırlar. Düşünürəm ki, o, artıq böyük yarışlarda oynamağa qadir deyil, xüsusən də Dieqo Simeonenin tələb etdiyi səylə. Düşünürəm ki, onun dayan, deməsinin vaxtı çatıb. Rafael Varana baxın, zirvədə getdi. Qrizmann 2026-cı ildə də yığmada qalacağına inanır. Düşünürəm ki, o, gedişini əldən verib”, deyə Jerom Roten bildirib.
“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, Sosyedad klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə Qrizmann “döşəkçilər”in heyətində bütün yarışlarda 48 oyuna 24 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 389 oyun, 181 qol, 84 məhsuldar ötürmə.
Vurğulayaq ki, Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.
Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.
Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 135 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı fransalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.