“Neftçi”nin basketbol komandası FIBA Avropa Kubokunun 2025/2026-cı illər mövsümünün əsas mərhələsində ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, “ağ-qaralar” Bakıda Estoniyanın “Kalev” komandası ilə üz-üzə gəliblər.
Qarşılaşma Bakı İdman Sarayında baş tutub. Azərbaycan təmsilçisi bu oyundan 95:84 hesablı qələbəyə sevinib.
“Neftçi”nin baş məşqçisi Vitali Stepanovski matçdan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bölüşüb:
“Bütün azarkeşləri və hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Fikrimcə, komandamız Azərbaycanı FIBA Avropa Kuboku matçında çox gözəl təmsil etdi. Bu, “Neftçi” üçün tarixi bir qələbədir. Biz Polşada “Trefl” komandasına qarşı da yaxşı oynamışdıq. Bu matçda da ilk və son 3 dəqiqəni çox yaxşı keçirdik, xarakter göstərdik. Elə oldu ki, sonda 11 xal önə çıxdıq”.
Xatırladaq ki, “Neftçi” FIBA Avropa Kubokunun əsas mərhələsində keçirdiyi ilk matçında Polşada “Trefl”ə uduzmuşdu – 63:92. I qrupunun digər görüşündə “Abşeron Lions” sabah Bakıda “Trefl”lə üz-üzə gələcək.