“Barselona”nın və İspaniya milli komandasının yarımmüdafiəçisi Daniel Olmo zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.
Arena.az bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, “Barselona”nın futbolçusuna sol baldır əzələsinin zədəsi diaqnozu qoyulub. Bu üzdən də o, klubunun düşərgəsinə qayıdıb. Onun yaxın həftələrdə məcburi istirahət edəcəyi vurğulanır. Futbolçunun dəqiq bərpa müddəti açıqlanmır.
Xatırladaq ki, İspaniya millisi oktyabrın 11-də Gürcüstan, 3 gün sonra isə Bolqarıstanla qarşılaşacaq.
“Barselona” Daniel Olmonu 2024-cü ilin avqust aynda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Olmo cari mövsümdə “Barselona”nın heyətində 10 oyuna çıxıb, 1 qola və 2 məhsuldar ötürməyə imza atıb. İspan futbolçu Kataloniya klubunun heyətində bütövlükdə 49 oyun keçirib. O, bu oyunlarda 13 qol və 9 assist müəllifi olub.
Daniel Olmo 2019-cu ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 45 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.
Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Həmçinin Olmo “Barselona” ilə İspaniya La Liqasını (2024/2025), İspaniya Kral Kubokunu (2024/2025), İspaniya Super Kubokunu (2024/2025) qazanıb. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.
Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı Daniel Olmonun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.