“Bayern”in 32 yaşlı ingilis hücumçusu Harri Keyn futbol üzrə Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.
Keyn səsvermədə Alexandro Qrimaldo (“Bayer”), Kayşu Sano (“Maynts”), Can Uzun (“Ayntraxt”), Noa Atubolu (“Frayburq”) və David Raum (“Leypsiq”) kimi futbolçuları qabaqlayıb.
Keyn sentyabr ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 3 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Bundesliqada avqust ayının ən yaxşısı da “Bayern”in digər futbolçusu Maykl Olise seçilmişdi.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 10 oyuna çıxıb, 18 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 106 oyun, 103 qol və 29 məhsuldar ötürmədən ibarətdir.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 109 oyuna 74 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.