“Milan”ın və ABŞ milli komandasının hücumçusu Kristian Pulişiç İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş səsvermədə “Kremoneze”dən Federiko Başirotto, “Napoli”dən Kevin De Bröyne, “İnter”dən Federiko Dimarko, “Atalanta”dan Nikola Krstoviç və “Bolonya”dan Rikardo Orsolinini geridə qoyub.
Pulişiç ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 3 matçda çıxış edib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı isə “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi.
Kristian Pulişiç futbola “Pensilvaniya Klassiks”in heyətində qədəm qoyub və buradan Avropaya – Dortmund “Borussiya”sının akademiyasına yol tapıb. Buradan “Çelsi”yə icarəyə yollanmış amerikan hücumçu daha sonra tamhüquqlu əsasda “zadəganlar”a qoşulub. 2023-cü ilin iyulunda isə “Milan” 20 milyon avro məbləğ müqabilində Pulişiçi heyətinə qatıb. Pulişiçin “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Pulişiç “rossoneri”nin heyətində 8 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
Kristianın “Milan” karyerası ümumilikdə 108 oyun, 26 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Pulişiçin qənimətlər muzeyində “Borussiya” ilə qazandığı Almaniya Kuboku və “Çelsi” ilə qalib gəldiyi UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var.
Pulişiç 2016-cı ilin mart ayında debüt etdiyi ABŞ yığmasının heyətində 80 oyun keçirib, 32 qol vurub, 21 məhsuldar ötürmə verib. Pulişiç “yankilər”lə 2 dəfə CONCACAF Millətlər Liqasını (2019/2020, 2022/2023) qazanıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı amerikan sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.