U-17 millimiz Fransada 2-ci darmadağına üzüldü

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Arena.az xəbər verir ki, 9-cu qrupda yer almış millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Park de Sport” stadionunda keçirilmiş oyunu Norveç və Fransadan olan hakimlər briqadası idarə edib. Altı qolun qeydə alındığı oyunda millimiz növbəti darmadağına üzülüb – 1:5. Komandamızın heyətində yeganə qolu Samir Şərifov vurub. O, 45+1-ci dəqiqədə hesabı bərabərləşdirib. 90-cı dəqiqədə isə Amin Rzayev qırmızı vərəqə alaraq meydandan qovulub.

Xatırladaq ki, U-17 millimiz bu seçmə mərhələnin ilk turunda meydan sahibi Fransa yığması ilə qarşılaşmış və 0:8 hesablı məğlubiyyətə üzülmüşdü.

Avropa çempionatının seçmə mərhələsi
9-cu qrup
11 oktyabr

İsrail – Azərbaycan 5:1
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa).
Dördüncü hakim: Gillaume Paradis (Fransa).
Sen-Pol-le-Daks. “Park de Sport” stadionu. Saat 20:00.