AFFA-dan Həvəskarlar Liqası ilə bağlı sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqada 23-cü turun oyunları ilə bağlı bir neçə qərar qəbul olunub.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra 23-cü turun oyunlarındakı qayda pozuntularına belə hüquqi qiymət verilib:

“Araz Saatlı” – “Karvan” oyununda “Araz Saatlı”nın məşqçisi Zəkəray Atakişiyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Araz Saatlı” klubu buna görə 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib.

İntizam Komitəsi AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla da bağlı bəzi qərarlar qəbul edib:

Həvəskarlar Liqasının “Ərkivan” (Masallı) – “Şirvan” oyununda “Şirvan”ın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasını təhqir etdiyi, baş hakimi vurmağa cəhd göstərdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb. Bu oyunda 2-ci hissənin əlavə vaxtında “Ərkivan”ın azarkeşləri hakimlər briqadasını vurmağa cəhd etdiyinə görə Masallı komandasının növbəti 3 oyunu azarkeşsiz keçiriləcək.

Həvəskarlar Liqasının “Lokomotiv” (Bakı) – “Balaxanı” oyununda yerli “Lokomotiv” oyunu həkim personalı ilə təmin etmədiyinə görə oyun baş tutmayıb. Buna görə “Lokomotiv” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Neftçi” PFK yarımfinal oyununda “Dinamo” komandası qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydançaya buraxıb. Buna görə Balakən təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.