Kurban Berdıyev: “Qalib gəlsək də, hələ çox iş görməliyik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 7-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Sumqayıtda keçirilmiş oyun Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Uşaqları təbrik etdim. Var gücləri ilə, intizamlı oynadılar. Qələbəyə layiq idik. Qalib gəlsək də, hələ çox iş görməliyik. Komandada müəyyən çatışmazlıqlar var”.

Təcrübəli mütəxəssis əvəzedici komandadan əsas komandaya oyunçu cəlb olunmamasına da aydınlıq gətirib:

“Onlardan bizimlə məşq edənlər var. Qeyri-təbii şəkildə cavan oyunçunu meydana buraxmaq olmaz. Burada rəqabət var, onlar rəqabətdə uduzurlar. Belə olan halda kimisə necə oynadım? Sonra ehtiyatda oturan futbolçularla problem ola bilər. Rəqabətdə qalib gəlmək lazımdır”.

“Turan Tovuz” növbəti turda “Qarabağ”la qarşılaşacaq. Kurban Berdıyev həmin matçla bağlı gözləntilərini də paylaşıb:

“Qarabağ” istənilən halda “Qarabağ”dır. Onların ikinci heyəti də əsas heyətə bərabərdir. “Qarabağ”la matçla bağlı nəsə demək, proqnozlaşdırmaq çətindir. Onlar UEFA Çempionlar Liqasında oynayırlar. Qələbələr münasibətilə Qurban Qurbanovu təbrik edirəm. Fasilənin komandamıza necə təsir edəcəyini demək çətindir. Bunu sonrakı oyunlar göstərəcək”.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə komandasının ağır məğlubiyyətinə belə şərh verib:

“Çox çətin oyun oldu. Çox pis oynadığımızı düşünmürəm, ona görə də bu nəticə mənim üçün gözlənilməz oldu. Bu hesabla uduzmağımızı gözləmirdim. Çətin rəqib idi. Taktiki səhvlərdən məğlub olduğumuzu düşünmürəm. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük və nəticədə məğlub olduq. Əlimizdə olan oyunçular budur. Minimum səhvlər etməyə çalışırıq. “Turan Tovuz”la matç çətin olduğu üçün müəyyən səhvlər qaçılmaz oldu. Mən futbolçularımdan razıyam. Öz üzərimizdə işləyib daha da uğurlu olmağa çalışacağıq”.