Premyer Liqa: “Zirə”nin qələbə həsrəti 9 oyuna çatdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ikinci qarşılaşması Zirədə baş tutub.

Burada “Zirə” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. Bu, son aylarda tamamilə fərqli qrafik cızan iki komandanın görüşü id. Belə ki, Premyer Liqada sonuncu məğlubiyyətini ötən ilin sonunda (8 dekabr) “Qarabağ”dan alan “Sumqayıt” uğurlu nəticələr sayəsində artıq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşmışdı. “Zirə” isə Premyer Liqa çərçivəsində sonuncu qələbəsini ötən il 12 noyabrda “Qəbələ” üzərində qazanıb. Ondan sonra 3 xala həsrət qalmış Rəşad Sadıqovun komandası 4-cü sırada idi. Bir sözlə, “Zirə” bu gün 8 oyunluq qələbə həsrətinə son qoymağa çalışıb. Amma doğma meydanda çıxış etməsinə baxmayaraq, bu komandanın yüksəlişdə olan rəqibinə qalib gəlməsi heç də asan görünmürdü.

Yekunda da belə olub. Tərəflər meydanı qolsuz heç-heçə ilə tərk ediblər. Bu, “Sumqayıt”a 35 xalla ikinci pillədə qalmaq imkanı verib. “Zirə” isə 32 xalla dördüncüdür.

Premyer Liqa
22-ci tur
13 fevral

“Zirə” – “Sumqayıt” 0:0
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 17:15.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Andriya Lukoviç, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 87. İlqar Əhmədov, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 10. Kamran Əliyev, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.