Luis Enrike tənqidlər haqda: “İt hürər, karvan keçər”

PSJ-nin baş məşqçisi Luis Enrike cari uğurlarının ona edilən bütün tənqidlərə görə şəxsi intiqam cavabı olub-olmamasını cavablayıb.

Arena.az jurnalist Adrien Qreynerə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən 10 ildən artıqdır ki, məşqçi kimi çalışıram. Bu müddət ərzində mənə hücum ediblər, tənqid ediblər – amma xoşuma gəldi, davam edin. İtlər hürər, karvan keçər, mən isə qaçmağa davam edirəm!”, deyə Enrike vurğulayıb.

Xatırladaq ki, Luis Enrikenin PSJ-si cari mövsümdə itkisiz irəliləyir. Fransa nəhəngi böyük ehtimalla ölkə birinciliyinin qalibi olacaq. Hazırda PSJ 28 oyundan 63 xalla Liqa 1-in yarış cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Monako”nu (52 xal) 11 xal qabaqlayır.

PSJ Fransa Super Kubokunu qazanıb, Fransa Kubokunun finalında isə maın 25-də Lion “Olimpik”i ilə qarşılaşacaq.

Luis Enrikenin yetirmələri Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıblar. Paris təmsilçisi burada Dortmund “Borussiya”sı ilə final uğrunda mübrizə aparacaq.

Luis Enrike PSJ-ni ötən ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin Fransa nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

53 yaşlı çalışdırıcı PSJ-yə qədər “Roma”, “Selta”, “Barselona” və həmçinin İspaniya yığmasını çalışdırıb. Enrike klub futbolunda bütün qənimətləri qazanıb və buna “Barselona” ilə nail olub. Luis Enrike Kataloniya nəhəngi ilə İspaniya La Liqasının ikiqat (2014/2015, 2015/2016), İspaniya Kral Kubokunun üçqat (2014/2015, 2015/2016, 2016/2017), İspaniya Super Kubokunun (2016/2017), Çempionlar Liqasının (2014/2015), UEFA Super Kubokunun (2015/2016), FIFA Klub Dünya Kubokunun (2015/2016) qalibi olub. İspan mütəxəssis 2014/2015 mövsümü üçün dünyanın ən yaxşı klub məşqçisi seçilib.