Alfonso Dominqes dünya çempionu oldu

Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionu tituluna yiyələnib. Arena.az xəbər verir ki, o, bu uğura Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda imza atıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanan Asif Axundov klubunun üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən 100 min dollar mükafata və çempion üçün xüsusi kəmərə də sahib olub.

Tokio-2020-nin bürünc medalçısı olan Alfonso Dominqes həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub etmişdi.

Beləliklə, Azərbaycan milli komandası bu dünya çempionatını bir qızıl və iki bürünc medalla başa vurub. Dominqesin qızıl mükafat qazandığı mundialda Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) də üçüncü yeri tutub.

Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq. Dünya çempionatına sabah yekun vurulacaq.

Azərbaycan yığması Serbiyadakı mundiala 9 boksçuyla yollanmışdı. Alfonso Dominqes, Sərxan Əliyev və Məhəmməd Abdullayevlə yanaşı, millimizi bu turnirdə Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Mirşərif Kazımzadə (75 kq) və Rauf Rəhimov (92 kq) də təmsil edib.