Lautaro Martines “İnter”də daha bir ilkə imza atdı

Futbol üzrə Argentina milli komandasının mərkəz hücumçusu Lautaro Martines İtaliyanın “İnter” klubunun tarixinə düşüb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyununda nail olub.

Argentinalı forvard Çexiya təmsilçisi “Slaviya”ya qalib gəldikləri matçda dubl edib. O, Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində yeddi fərqli mövsümdə qol vurmuş ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, Praqa “Slaviya”sı ilə qarşılaşma “İnter”in 3:0 hesablı qələbəsi ilə bitib.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 6 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 341 oyun, 157 qol, 51 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 72 oyuna çıxıb, 33 qol vurub, 9 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 95 milyon avro məbləğində qiymətləndirir.