“Real” komandanın braziliyalı sol vingeri Vinisius Juniora qarşı irqi təhqirlərə görə prokurorluğa şikayət ünvanlayıb.
Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir:
“Real Madrid Futbol Klubu” Çempionlar Liqasının “Barselona” – “Napoli” və “Atletiko” – “İnter” oyunlarından əvvəl “Olimpik Lyuis Kompanis” stadionu və “Sivitas Metropolitano” stadionunun yaxınlığında Vinisiusa qarşı irqi və nifrət dolu təhqirlərlə əlaqədar Baş Prokurorluğa nifrət cinayətləri və ayrı-seçkilik ilə bağlı şikayət edib.
“Real” prokurorluqdan sözügedən irqi təhqirlərin müəlliflərini müəyyən etmək üçün təhlükəsizlik güclərindən hər iki yerdə mövcud qeydləri tələb etməyi xahiş edir.
“Real” Vinisius Juniora qarşı təəssüf ki, dəfələrlə baş vermiş irqçilik, ayrı-seçkilik və nifrətin qəddar hücumlarını pisləyir. Klubumuz futbol və idman dəyərlərinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək. “Real” son zamanlar baş verməkdə davam edən bu kimi iyrənc məqamlara qarşı tolerantlıq uğrunda qətiyyətlə mübarizə aparacaq”, – klubun rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, İspaniya La Liqası da Vinisiusa qarşı irqi təhqirlər və təhdidlərlə bağlı UEFA-ya şikayət ünvanlayacaq. La Liqanın da şikayəti “Barselona” və “Atletiko”dandır. Belə ki, Vinisiusun heç bir aidiyyatı olmayan məqamda irqi zəmində təhqir edilməsi və ünvanına ölüm təhdidləri səslənməsi La Liqa rəhbərliyini səbr kasasını daşdırıb.
Söhbət Çempionlar Liqasının 1/8 finalında “Barselona” – “Napoli” (1:1, 3:1) və “Atletiko” – “İnter” (0:1, 2:1, penaltilərlə: 3:2) cavab oyunları ərəfəsində baş vermiş xoşagəlməzliklərdən gedir.
Əvvəlcə, “Barselona” – “Napoli” oyunu ərəfəsində “blauqrana”n bir dəstə azarkeşi tribunlarda aqressiv surətdə “Vinisius, öl”! şüarı səsləndirməklə, “Vinni”yə ölüm arzulayıblar.
Növbəti gün, “Atletiko” – “İnter” oyunu ərəfəsində isə “döşəkçilər”in bir yığın azarkeşi “Vinisus – şimpanzedir” deyə səs-küy salıb braziliyalı futbolçunu məsxərəyə qoyublar.