Futbol üzrə İngiltərə millisinin və “Tottenhem”in mərkəz hücumçusu Dominik Solanke bir müddət yaşıl meydanlardan uzaqda qalacaq.
Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Tomas Frank açıqlama verib.
O, 28 yaşlı hücumçunun topuq biləyindən əməliyyat ediləcəyini açıqlayıb. Mütəxəssisin sözlərinə görə, futbolçu bir müddətdir diskomfort hiss edir, ona görə də klub müdaxiləni gecikdirməmək qərarına gəlib. Əməliyyatla əlaqədar, Dominik bir müddət London təmsilçisinə kömək edə bilməyəcək. O, ən azı “Bodo Qlimt”lə ÇL görüşünü, “Lester Siti” ilə Premyer Liqa matçını buraxacaq.
Dominik Solanke “Çelsi”nin yetirməsidir. İngilis hücumçu bir müddət “Vitess”də icarə əsasında çıxış edib, ardınca “Liverpul” və “Bornmut”da oynayıb. Solanke “Tottenhem”ə 2024-cü ilin avqustunda 64,3 milyon avro məbləğ müqabilində “Bornmut”dan keçib. Solankenin “mahmızlar”la müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Cari mövsümdə Solanke “Tottenhem”in heyətində bütün yarışlarda 3 oyuna çıxıb.
Dominik Solanke 2017-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Hücumçu İngiltərənin aşağı yaş dəstələri üzrə müxtəlif yığmalarında da oynayıb.
Solanke böyük futbolda “Çelsi” ilə İngiltərə Premyer Liqasının (2016/2017), “Tottenhem”lə də Avropa Liqasının (2024/2025) qalibi olub.
“Transfermakt” intenet-portalı 28 yaşlı ingilis hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.