Vilyam Saliba daha 5 il “Arsenal”da!

İngiltərənin “Arsenal” klubunun 24 yaşlı fransalı mərkəz müdafiəçisi Vilyam Saliba London təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə “topçular”ın rəsmi saytına istinadən məlumat verir.

Yeni müqaviləyə əsasən, Saliba 2030-cu ilin 30 iyununa qədər “Arsenal”ın uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2027-ci ilin 30 iyununda bitəcəkdi.

Salibanın valideynləri əslən Kamerundandırlar. O, İl-de-Frans bölgəsinin Sen-Sen-Deni departamentinin Bondi kommunasında dünyaya gəlib. Vilyam elə, yerli “Bondi”də də futbolda ilk addımlarını atıb. Buradan “Monfermey”, ardınca isə “Sent Etyen”ə keçmiş Saliba böyük futbolda debüt edib. 2019-cu ilin iyul ayında “Arsenal” 30 milyon avro məbləğ müqabilində Salibanı “topçular”ın düşərgəsinə qatıb və futbolçusunu bir müddət elə, “Sent Etyen”ə, ardınca “Nitsa” və Marsel “Olimpik”inə icarələrə göndərib. 2022-ci ilin iyun aynda “Arsenal” artıq püxtələşmiş futbolçusunu “topçular”ın heyətinə geri qaytarıb.

Vilyam Saliba 2025/2026-cı illər mövsümündə “topçular”ın heyətində 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Salibanın “Arsenal”ın heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə təsvir yaradır: 140 oyun, 7 qol, 3 məhsuldar ötürmə.

Saliba Fransanın Olimpiya yığması da (U-23) daxil olmaqla, U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə uzun bir yol gəlib və 2022-ci ilin mart ayında “xoruzlar”ın əsas yığmasında debüt edib. Saliba Fransa yığmasında 28 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Vilyamın qənimətlər muzeyində “Arsenal”la qazandığı 2 qənimət – İngiltərə Super Kuboku (2020/2021, 2023/2024) var. “Xoruzlar”la isə Saliba DÇ-2022-nin gümüş mükafatçısı olub.

Fərdi mükafatlara gəlincə, Vilyam Saliba 2022-ci ildə Fransa Liqa 1-in ən yaxşı gənc oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyətini 80 milyon avro məbləğində qiymətləndirir.