Yakob Neestrup: “Stadionun ot örtüyü yaxşı ola bilərdi”

“Kopenhagen”in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Qarabağ”la oyunundan gözləntisini paylaşıb.

Arena.az xəbər verir ki, ÇL-in Liqa mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq qarşılaşma sabah Bakıda keçiriləcək.

Yakob Neestrup bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Stadionun ot örtüyü yaxşı ola bilərdi. Amma bu, bəhanə deyil. Normaldır. Məqsədimiz qələbə qazanmaqdır. Rəqibimizə hörmət edirik. Çempionlar Liqasındakı bütün komandalar güclüdür. “Qarabağ” avrokuboklarda mütəmadi çıxış edir. Onların hücum xəttində yaxşı oyunçular var. Səyahətimiz yaxşı keçib və sabahkı matça tam hazırıq”.

“Kopenhagen”in qapıçısı Dominik Kotarski də mətbuat konfransında fikirlərini bölüşüb:

“Ot örtüyü yaxşı səviyyədə deyil. Amma hər iki kollektiv eyni şəraitdə oynayacaq. Bunda hər hansı problem görmürəm. Sabah bizi ağır oyun gözləyir. Qələbə qazanmağa çalışacağıq”.

“Qarabağ” – “Kopenhagen” oyunu sabah – oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:45-də start veriləcək.