AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlar Fransa yığmasının hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 24 yaşlı forvard Cəbəllütariq (3:0) və Yunanıstan (1:0) yığmalarına qarşı keçirdiyi oyunlarda bir neçə rekorda imza atıb.
Hücumçu bu rəqiblər üzərindəki qələbədə hər oyuna bir qolla pay sahibi olub. Bununla da o, 2022/2023 mövsümündə bütün yarışlar çərçivəsində vurduğu qolların sayını 54-ə çatdırıb (56 oyuna). Mbappe PSJ-nin heyətində 43 oyuna çıxıb və 41 qol vurubsa, millinin heyətində də 13 matçda 13 qola imza atıb.
Bu, bir fransalı futbolçunun bir mövsümdə vurduğu qollar üzrə yeni rekorddur. Əvvəlki milli rekord 1957/1958 mövsümündə Jüst Fontenə məxsus olub – 53 qol (“Reyms”də 39 qol, Fransa yığmasında 14 qol). 1958-ci ilin dünya çempionatında Fonten 13 qol vurub ki, bu da bir turnir üçün ən yaxşı nəticə olaraq qalır.
Mbappe Cəbəllütariq və Yunanıstan yığmalarına qarşı oyunlarda gerçəkləşdirdiyi iki penalti ilə Fransa yığmasının heyətində vurduğu qolların sayını 40-a çatdırıb. Bununla da Mbappe bu rəqəmə çatmış 5-ci futbolçu kimi tarixə düşüb və bunun 30 yaşından (əslində 25 yaşından da) tez etmiş ilk futbolçu olub.
Kilian Mbappe vurduğu 54 qolla Norveç yığmasının hücumçusu Erlinq Halandla bərabərləşib. Haland da eyni sayda qol vursa da, norveçli qolçu üçün mövsüm hələ bitməyib. Bu gün Norveç yığması Kipri qəbul edəcək və Halandın öz göstəricisini daha da artırmaq imkanı var.
Yeri gəlmişkən, Fransa millisinin digər hücumçusu Olivye Jiru da Cəbəllütariq yığmasının qapısına başla 16-cı qolunu vurub ki, bu da 21-ci əsrdə mütləq göstəricidir. Jiru bu göstəricidə ən yaxın izləyicisi həmyerlisi Tyerri Anrini (6 qol) 10 qol qabaqlayır.
Fransa yığması isə AÇ-2024 seçmə mərhələsinə qol buraxmadan ardıcıl 4 qələbə ilə başlayıb ki, bu da yığmanın böyük turnirlər (DÇ və AÇ) tarixində ilk müvafiq nailiyyətidir.