Rey Manay “Sivasspor”da

Futbol üzrə Albaniya milli komandasının hücumçusu Rey Manay bundan sonra Türkiyənin “Sivasspor” klubunun formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azad agent statusuna malik 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Rey Manay son olaraq “Uotford”da forma geyinib. O, 2022-ci ilin iyulunda “Barselona”dan azad agent kimi “Uotford”da keçmişdi. İngiltərə klubunda cəmi 7 oyun keçirmiş hücumçu bu ilin yayında “Uotford”la müqaviləsi ləğv olunandan bəri futbol oynamırdı.

Manay karyerası ərzində “Kremoneze”, “İnter”, “Peskara”, “Piza”, “Qranada”, “Albasete” kimi klubların da formasını geyinib. Hücumçu Albaniya yığmasında 31 oyuna 7 qol vurub.

“Sivasspor” qambiyalı sol cinah vingeri Modu Barrou və çexiyalı mərkəz yarımmüdafiəçi Roman Kveti də heyətinə qatıb. Barrou Səudiyyə Ərəbistanının “Əl-Əhli”, Kvet isə Çexiyanın “Viktoriya” (Plzen) klubundan icarəyə götürülüb. Hər iki futbolçu bu mövsümün sonuna kimi Türkiyə klubunda icarədə olacaq.

Modu Barrou bu ilin yanvarından “Əl-Əhli”nin formasını geyinirdi. 30 yaşlı futbolçu “Jeonbuk”, “Dənizlispor”, “Ridinq”, “Lids”, “Bləkbörn”, “Nottingem Forest”, “Suonsi Siti”, “Östersund”, “Varberq”, “Norçöpinq”, “Myalbü” kimi klublarda da çıxış edib. O, Qambiya yığmasında da 18 oyuna 2 qol vurub.

Roman Kvet də bu ilin yanvarından “Viktoriya”nın uğurları üçün çalışırdı. 25 yaşlı yarımmüdafiəçi buna qədər “Bohemians” və “Pribram”da da forma geyinib. O, Çexiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

“Sivasspor”un polşalı hücumçusu Karol Angelski isə Yunanıstanın “Atromitos” klubuna keçib. 27 yaşlı forvard yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb. 2022-ci ilin yayından “Sivasspor”da forma geyinən Angelski “Radomyak Radom”, “Visla” (Plotsk), “Korona”, “Şlask”, “Pyast” kimi klublarda da oynayıb.